Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının 21-ci ildönümü qeyd edildi
Zərdab, 16 avqust (AZƏRTAC, Adil Ağayev). Yeni Azərbaycan Partiyası (YAP) ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyadan, zamanın təxirəsalınmaz tələblərindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yarandı. Partiyanın yarandığı gündən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, bu gün 600 mindən çox üzvü olan YAP ölkədə ən aparıcı siyasi qüvvəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər YAP Zərdab rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda səsləndi.
Yığıncaq iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə gül-çiçək düzərək, əziz xatirəsini ehtiramla yad etdilər.
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının qərargahında keçirilən tədbirdə qeyd olundu ki, YAP Zərdab rayon təşkilatı özündə 64 ilk partiya təşkilatını birləşdirir. Hazırda təşkilat üzvlərinin sayı 5714 nəfərdən artıqdır ki, bu da rayon əhalisinin 10 faizindən çoxunu təşkil edir. Rayon təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər gənclərin, qadınların, ziyalıların hesabına genişlənir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi, YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.