Yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda yaranan süni sıxlığın aradan qaldırılması diqqətdə saxlanılır
Bakı, 23 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinə yaxın yollarda pik saatlarda süni sıxlığın yaranması ehtimalı artır. Bu da hərəkətlə bağlı ciddi narahatlıq yaradır. Bakıda pik saatlarda, yəni, saat 07:45-dən 08:15-dək yaranan sıxlıqlar sırf təhsil müəssisələri və onlara yaxın, ümumi istifadədə olan yollarda zolaqlar üzrə cərgələnmə tələblərinin pozulması ilə əlaqədardır. Təhlükəsizliyin təmin edilməsi üçün tərəfimizdən zəruri tədbirlər həyata keçirilir. Müfəttişlərimiz hərəkətin təşkilində, xüsusilə, yol kəsişmələrində, birləşmələrdə pik saatlarda xidmət edir, sürücülərə istiqaməti göstərirlər.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a açıqlamasında deyib.
Paytaxtda baş verən yol-nəqliyyat hadisələri ilə bağlı danışan V.Əsədov qeyd edib: “İlin əvvəlindən sentyabrın 15-dək Bakıda 321 hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 127 nəfər ölüb, 264 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisələrin sayında nisbətən artım var. Bu da narahatlıq yaradır. Təbii ki, yol-nəqliyyat hadisələrinin sayının azalması təkcə dövlət yol polisi əməkdaşlarından deyil, hərəkət iştirakçıları, xüsusilə sürücü və piyadalardan da asılıdır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində sürücülərin, 40-cı maddəsində isə piyadaların hüquq və vəzifələri təsbit olunub. Ən azından bu tələblər düzgün yerinə yetirilməlidir ki, yol-nəqliyyat hadisəsi qeydə alınmasın. Yarana biləcək süni sıxlığın qarşısının alınması üçün hər bir sürücü məsuliyyətli olmalıdır. “Dərman alıram”, “Adam gözləyirəm”, “Bu dəqiqə gedirəm” deyərək yolun hərəkət hissəsində dayanan sürücülər var. Bu da yolun hərəkət hissəsinin daralmasına səbəb olur. Nəticədə digər sürücülərin normal hərəkəti üçün maneə yaranır. Ona görə hesab edirik ki, Bakı şəhəri ərazisindəki əksər küçələrdə nəqliyyat vasitələrinin dayanması, durması və ya park edilməsi məsələsi prioritetdir”.
Vaqif Əsədov bildirib ki, sürücülər nizam-intizamlı olmalı, başqa hərəkət iştirakçılarına maneə yaratmamalı, xüsusilə, yol nişanlarının, işıqforların tələblərinə riayət etməli, dairəvi hərəkət olan, nizamlanan və ya nizamlanmayan nişanların tələblərinə üstünlük verməklə hərəkət etməlidirlər. Bu, hərəkətin təhlükəsizliyini təmin edər, yol-nəqliyyat hadisələrinin sayının azalmasına, eyni zamanda, istənilən istiqamətə ləngimədən hərəkət etməyi təmin edər.
Xatırladaq ki, yeni tədris ilinin başlanması ilə əlaqədar Bakıda ümumi istifadədə olan yollara daha yaxın məsafələrdə yerləşən təhsil müəssisələrində BŞDYPİ-nin əməkdaşları - təbliğat üzrə inspektorlar baş leytenant Pərvanə Muradova və leytenant Rüstəm Əhmədli müəllim, valideyn və şagirdlərlə görüşlər keçiriblər. Həmin görüşlərdə təbliğat xarakterli plakatlar məktəblərin giriş-çıxışlarına yapışdırılıb. Həmçinin azyaşlı uşaqlar, xüsusilə birinci sinfə gedən şagirdlərlə söhbətlər aparılıb və yol-hərəkəti qaydaları, işıqforun tələblərinə aid məlumat verilib. Yol-nəqliyyat hadisələrinin ağır nəticələrini nəzərə alaraq, hərəkətin hər bir iştirakçısı məsuliyyətini dərk etməli və təhlükəsizlik tələblərini düzgün yerinə yetirməlidir.