Yeni yerüstü piyada keçidinin inşası davam edir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə paytaxtın Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidinin inşası davam edir.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr təşkil edən keçid üstü qapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq. Layihəyə uyğun olaraq gecə saatlarında keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.