Yeniyetmə və gənclərin ətraf mühit sahəsində bilik və bacarıqları artırılır
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Orxus” İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin və yeniyetmələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Ətraf mühitin mühafizəsi hər birimizin borcudur” mövzusunda seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda tələbələr və məktəblilərlə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Görüşdə dövlətimizin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasətdən danışılıb, gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, davamlı inkişaf, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri və s. mövzularda geniş informasiya verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində hər il ETSN tərəfindən ekologiyanın qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.