Yevlaxda sosial-iqtisadi inkişaf uğurla davam edir
Yevlax, 19 aprel (AZƏRTAC). Cari ilin birinci rübündə Yevlax rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 118,4 milyon manat olmuşdur. Bu, ötən ilin eyni dövrünə nisbətən 15,9 milyon manat və yaxud 15,5 faiz çoxdur. ÜDM-in 3,1 milyon manatını sənaye, 10,5 milyon manatını kənd təsərrüfatı, 47,6 milyon manatını tikinti, 45,9 milyon manatını ticarət, 1,1 milyon manatını nəqliyyat, 0,2 milyon manatını rabitə, 10 milyon manatını digər xidmətlər təşkil etmişdir. Adambaşına 984,4 manat ÜDM istehsal olunmuşdur ki, bu da 2010-cu ilin birinci rübünə nisbətən 120,2 manat və yaxud 13,9 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu faktlar Yevlaxda birinci rübün yekunlarına həsr olunmuş hesabat yığıncağında səslənmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov hesabat məruzəsində daha sonra bildirmişdir ki, 2011-ci ilin birinci rübündə geniş tikinti, quruculuq işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.
Hesabat dövründə sahibkarlara 2 milyon 828 min manat kredit verilmiş, 173-ü daimi olmaqla 186 iş yeri açılmışdır.
Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 54 milyon manat olmuşdur. Bu, 2010-cu ilin müvafiq dövrünə nisbətən 10,9 milyon manat və yaxud 25,3 faiz çoxdur. Kapital qoyuluşunun 34,8 milyon manatı əsas kapitala yönəldilmişdir. Əvvəlki ilə nisbətən əsas kapitala 4,2 milyon manat və yaxud 12,2 faiz çox investisiya qoyulmuşdur.
Cari ilin birinci rübündə Qala kompleksi və açıq havada muzey istifadəyə verilmiş, Varvara və Cırdaxan kəndlərinə təbii qazın verilişi bərpa olunmuş, 235 çarpayılıq regional klinik xəstəxananın, “Lalə tekstil” MMC-nin II növbəsinin, laminat parket zavodunun, ayaqqabı fabrikinin, dekorativ plitə istehsal edən sexin, Azərbaycan Beynəlxalq Bankı Yevlax filialının, Fövqəladə Hallar və İqtisadi İnkişaf nazirliklərinin regional idarələrinin, maliyyə, qaz istismar idarələrinin, Mərkəzi Bankın Yevlax Ərazi İdarəsi və ehtiyatların idarəetmə mərkəzinin binalarının, Respublika Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin birləşmiş avtomobil məktəbinin, Kür çayının sağ sahilində bulvar kompleksinin, 5 ulduzlu mehmanxananın, 5 və 6 mərtəbəli yaşayış binalarının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın, avtovağzal kompleksinin inşası, dəmiryol vağzalının və “Yevlax-Beton” ASC-nin yenidən qurulması, K-11 kollektorunda nasos stansiyasının tikintisi və təzyiqli xətlərin çəkilişi davam etdirilmişdir.
Rüb ərzində rayonda geniş abadlıq işləri aparılmış, şəhərdə 53 ədəd işıqlanma dayaqları quraşdırılmışdır. Küçələrə səki daşlarının düzülməsi, divarların ağlay plitə ilə üzlənməsi davam etdirilmişdir. Şəhərin küçə və meydanlarına, magistral yolların kənarlarına 248 min ədəd lüqustr, 37 min 860 ədəd müxtəlif növ ağaclar əkilmişdir. Hazırda şəhərin Səməd Vurğun küçəsində və Aran qəsəbəsində abadlıq işləri aparılır, istirahət parkları salınır.
Sosial-iqtisadi inkişafın bundan sonra da davam etdiriləcəyini deyən natiq əmin etmişdir ki, 2011-ci ildə qarşıya qoyulan vəzifələr vaxtında yerinə yetiriləcək, yevlaxlılar müstəqil Azərbaycanın, o cümlədən rayonun inkişafı naminə əzmlə çalışacaqlar.
Yığıncaqda çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat vermiş, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışmışlar.