Yoşihisa Suzuki: Azərbaycanla bir neçə sahə üzrə əməkdaşlıq həyata keçirməyi planlaşdırırıq
Bakı, 5 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır. Yaponiya Azərbaycanla uzun müddətdir - xüsusilə neft sahəsində əməkdaşlıq edir. 1996-cı ildən bizim böyük neft layihələrində, xüsusilə kəmərlərin çəkilməsi sahəsində təcrübələrimiz, uğurlu əməkdaşlığımız mövcuddur.
Bunu AZƏRTAC-a müsahibəsində Yaponiyanın "ITOCHU" Korporasiyasının vitse-prezidenti Yoşihisa Suzuki deyib.
Y.Suzuki bildirib ki, bütün dünyada qlobal konyuktura dəyişməkdədir və eləcə də Azərbaycan da bundan xali deyil: "Ümid edirik ki, gələcəkdə enerji infrastrukturu, enerji təhlükəsizliyi, bu sahədə müxtəlif texnologiyaların tətbiqi, ağıllı şəhər və kəndlər, bərpa olunan enerji mənbələrinə dair sahələrdə də Azərbaycanla Yaponiya arasında çoxsaylı əməkdaşlıq həyata keçiriləcək".
O, Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin birgə iclasının ənənə halını aldığını və üç ildən bir keçirildiyini qeyd edib. Bildirilib ki, komissiyanın iclası üç il əvvəl Tokioda keçirilib: "Üç ildən sonra komissiyanın iclası Yaponiyanın şəhərlərindən birində olacaq və ekspo-sərgiyə təsadüf edəcək. 11-ci birgə iclas əsnasında da Azərbaycanın mövcud potensialını, reallıqlarını və gələcək əməkdaşlıq üçün potensial ehtiyaclarını öyrənib bunun əsasında Azərbaycanla bir neçə sahə üzrə əməkdaşlıq həyata keçirməyi planlaşdırırıq".