MƏDƏNİYYƏT
Yuğ Teatrında “21:15 qatarı” tamaşasının məşqləri gedir
Bakı, 12 yanvar, AZƏRTAC
Yuğ Dövlət Teatrında türkiyəli dramaturq Toyqun Orbayın Azərbaycan teatrsevərlərinə yaxşı tanış olan “21:15 qatarı” tamaşasının məşqləri gedir.
AZƏRTAC xəbər verir ki, səhnə əsərini teatrın baş rejissoru, maraqlı quruluşları ilə bundan əvvəl də öz yaradıcılıq imkanlarını ustalıqla nümayiş etdirən Mikayıl Mikayılov hazırlayır.
Rolları Xalq artisti Məmmədsəfa Qasımov (Kişi sərnişin), Əməkdar artistlər Gülzar Qurbanova (Qadın sərnişin), Fərhad İsrafilov və Sonaxanım Mikayılova (Vağzal bələdçisi) ifa edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.
Müəllifin bu birpərdəli pyesi 2002-ci ildə qələmə alınıb və Türkiyə daxil olmaqla bir neçə ölkənin teatr səhnəsində fərqli yozumlarda sənət ömrü yaşayıb. Azərbaycanda da bu pyes Akademik Milli və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulub.
Qeyd edək ki, 75 dəqiqə davam edən tamaşa iki insanın vağzalda qarşılaşmasından bəhs edir. Tamaşa boyu yad kişi və qadın 21:15 qatarını gözləyərkən bir-biri, həm də vağzalın rəhbəri ilə tanış olurlar. Vağzalda tanış olan bu naməlum kişi və qadın düşünür ki, gözlədikləri qatar heç vaxt gəlməyəcək. Gəlməyəcək qatarı gözləyə-gözləyə vaxtlarını bir-birilərini tanımağa, incəsənət, musiqi, həyat, insanlar və ümumilikdə var olmaq haqda düşüncələrini paylaşmağa sərf edirlər. Kişi əsl intellektual, qadın isə tez-tez etiraz edən şagird rolunda çıxış edir. Bu vaxt ərzində onlar qatarsız qalan vağzalın rəhbəri ilə də tanış olurlar. Tamaşanın sonunda qatar gəlir və kişi gözdən itir. İndi onun yerini növbəti sərnişinə yol göstərəcək qadın tutub. Hadisələr biri-birini beləcə əvəz edir.