YÜKSƏK FƏALLIQ VƏ SABAHA İNAM ŞƏRAİTİNDƏ
26 saylı Sabunçu birinci seçki dairəsinin 10 saylı məntəqəsinin sədri Süsən Allahverdiyeva deyir:
- Məntəqəmizdə1500-ə yaxın seçici vardır. Onlar 17 nəfərə səs verirlər. Səsvermə çox sərbəst, ədalətli və şəffaf keçmişdir. Heç bir qanun pozuntusu olmayıb.
26 saylı Sabunçu birinci seçki dairəsinin sədri Hacı Əliyev:
- Bu seçki dairəsi 26 məntəqəni əhatə edir. Məntəqələrin hamısında səsvermə mütəşəkkil keçib, heç bir ciddi qanun pozuntusu baş verməyib, heç bir yazılı şikayət daxil olmayib. Hər iki saatdan bir məlumat vermişik.
Hüquq şirkətinin təsisçisi Dursun Bayramov, Bakı Slavyan Universitetinin baş müəllimi Xalidə Əşrəfova və başqaları ən ziyalı insanlara, xalqının inkişafı yolunda səmərəli fəaliyyət göstərənlərə səs verdiklərini və bu seçkilərdən çox şey gözlədiklərini, xüsusilə yeni iş yerlərinin açılmasını arzuladıqlarını bildirdilər.
27 saylı ikinci Sabunçu seçki dairəsinin sədri Aydın Hüseynov, bu dairənin 3 saylı məntəqəsinin sədri Qəhrəman Hacıyev, 2 saylı məntəqənin sədri Tofiq Xanəhmədov, 28 saylı üçüncü Sabunçu seçki dairəsinin sədri Rasim Ağayev seçkilərin gedişində heç bir problem olmadığını, adamların fəal iştirakını və seçkinin demokratik şəraitdə keçdiyini, seçkinin nəticələrinə təsir edə bilən mənfi amillərin olmadığını diqqətə çarpdırdılar.
İstanbul Texniki Universitetinin professoru, müşahidəçi Əhməd Samsunlu dedi:
- Səhər tezdən başlayaraq, bu rayonu gəzirik, seçki çox düzgün gedirdi, hər hansı bir problem görmədik. Bu seçkidə Azərbaycan xalqına uğurlar arzulayıram. Azərbaycana ilk dəfədir gəlirəm. Çox məmnunuq. Azərbaycan xalqına qardaşlıq salamlarımı və sevgilərimi bildirirəm. 28 saylı üçüncü Sabunçu dairəsinin 5 və 6 saylı məntəqələrində də seçkilər şəffaf, aşkarlıq, demokratik şəraitdə keçirilmiş, hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirmişdir.