Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a verilən məlumata görə, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyil.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!”, - deyə BDYPİ-dən bildirilib.