YUNAN-ROMA GÜLƏŞÇİLƏRİ BEYNƏLXALQ HAVA LİMANINDA TƏNTƏNƏ İLƏ QARŞILANMIŞLAR
Bakı, 29 sentyabr (AZƏRTAC). Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında uğurla çıxış etmiş yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Vətənə dönmüşdür. Pəhləvanlarımız Heydər Əliyev adına Beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanmışlar. İdmançılarımızı Azərbaycan Güləş Federasiyasının rəhbərləri, əməkdaşları, idmançıların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər böyük təntənə ilə, gül-çiçəklə qarşılamışlar. İdmançılarımızın Vətənə qayıdışı ilə bağlı hava limanında əsl bayram əhval-ruhiyyəsi yaşanmışdır.
Qarşılanma mərasimində əsas diqqət ikiqat dünya çempionu Fərid Mansurova yönəlmişdir. Belə ki, Fərid vətənə ikiqat dünya çempionu kimi qayıdıb. Ardıcıl olaraq ispan İsmayel Sançes-Novarro, yapon Tsutomu Fudjmura, 1/8 final mərhələsində erməni güləşçisi Sasun Qambaryan, 1/4 finalda iranlı Afşin Byabanqarda ilə görüşlərdə qalib ayrılan pəhləvanımız, yarımfinalda Kuba güləşçisi Mulen İsaak Pedronu da məğlib edərək finala çıxmışdır. Finalda isə gürcü rəqibi Manuçara Tsaxadaya üzərində təmiz qələbə ilə dünya çempionatının qalibi olmuşdur. Bununla da Fərid Mansurov ölkəmiz müstəqillik əldə etdikdən sonra ikiqat dünya çempionu tituluna yiyələnən ilk güləşçi adını qazanmışdır.
Olimpiya, ikiqat dünya çempionu Fərid Mansurov Danimarkada Azərbaycan bayrağını qaldırdığı üçün çox sevindiyini bildirmişdir. “Hər bir idmançının arzusudur dünya çempionu olmaq, amma nəticəni təkrarlamaq daha fərəhli bir hissdir. Bu qələbəmlə başda ölkə başçısı İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm” söyləyən Mansurov komandanın kapitanı kimi digər medalçıların da çıxışlarını yüksək qiymətləndirmişdir. Bürünc medalçılar Rövşən Bayramov və Vitali Rəhimovun uduzmaqlarını da bir təsadüf hesab edərək, onların əsl qızıla layiq olan oyun nümayiş etdirdiklərini qeyd etmişdir.
Komanda hesabında isə yunan-Roma güləşi üzrə Azərbaycan yığması Türkiyə və İrandan sonra üçüncü yerə çıxaraq bürünc medalı qazanmışdı.
######
![]() |
![]() |
![]() |


