Yunan-Roma güləşçimiz İslam Abbasov “Minsk 2019”un yarımfinalına vəsiqə qazanıb
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarının yunan-Roma yarışlarının ikinci günündə Azərbaycan pəhləvanı İslam Abbasov (87 kq) yarımfinala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan başlayan güləşçimiz serbiyalı Nikolay Dobrev üzərində 8:0 hesablı qələbə qazanıb. Dörddəbir finalda Macarıstan təmsilçisi Viktor Lorinsi 3:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz adını yarımfinala yazdırıb. Pəhləvanımız finala vəsiqə uğrunda mübarizədə xorvatiyalı İvan Huklel ilə üz-üzə gələcək.
Oyunlarda 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti səkkizdəbir finalda xorvatiyalı Ante Milkoviçi (3:0) məğlub etsə də, dörddəbir finalda Gürcüstan təmsilçisi Yakobi Kacaya ilə görüşdə uduzub - 4:10. Y.Kacaya finala yüksələcəyi təqdirdə pəhləvanımız təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.
Bu gün 97 kiloqram çəki dərəcəsində yarışlara başlayan Orxan Nuriyev isə ilk görüşdə avstriyalı Daniel Qasla (2:7) uduzaraq mübarizəni səkkizdəbir finalda dayandırıb.
Xatırladaq ki, “Minsk 2019”da sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc, qadın pəhləvanlarımız isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.