YUNESKO-NUN NÜMAYƏNDƏ HEYƏTİ BAKI FORUMUNUN YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNDUĞUNU BİLDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak edən YUNESKO-nun nümayəndə heyətinin üzvləri Azərbaycanın bu qurum yanındakı daimi nümayəndəsi Eleonora Hüseynovaya telefon zənglərində və ünvanladıqları məktublarda yüksək səviyyədə təşkil olunmuş Bakı forumundan aldıqları xoş təəssüratları qeyd etmişlər.
YUNESKO-nun qadınlar və gender bərabərliyi bölməsinin başçısı xanım Gülsər Corat forumda iştirakından böyük məmnunluq duyduğunu, Azərbaycanda və dünyada gender məsələsinin həlli istiqamətində birgə fəaliyyət göstərməkdən şərəf hissi keçirdiyini, Bakının gözəlliyindən, yeni tikintilərindən, insanların səmimiliyi və qonaqpərvərliyindən xüsusi zövq aldığını, bundan sonra ölkəmizlə birlikdə gendər sahəsində əlaqələri davam etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Mərakeş Krallığının YUNESKO yanındakı daimi nümayəndəsi səfir Əzizə Bennani məktubunda səmimi qəbul edildiyini, səfərinin faydalı olduğunu vurğulamışdır. Zəngin insan, mədəniyyət, turizm, enerji və sair potensiala malik, inkişaf və irəliləyişdə olan, dünyaya açıq ölkəmizin vətənpərvər rəhbərliyini tanımaqdan böyük zövq aldığını bildirmiş, dost Azərbaycana yüksək rifah və tərəqqi arzularını ifadə etmişdir.
ALEKSO-nun daimi nümayəndəsi Səidə Şarfəddin isə öz məktubunda yazır: “Forumda iştirakım və ölkənizi kəşf etməyim mənə unudulmaz və olduqca təsirli anlar bağışladı. Bunun üçün Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ən dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox gözəl təşəbbüs olan bu forumun uğuru gələcəkdə bizim üzərində işləməli olacağımız problem və sualların müəyyən edilməsinə imkan yaratmışdır. Müxtəlif mədəniyyətlərin təmsilçiləri olan forumun çoxsaylı iştirakçıları qarşılıqlı anlaşma yolunda mühüm addımlar atmışlar. Füsunkar ölkənizin yüksək sivilizasiyası, zəngin və qədim tarixi, mənzərələrinin gözəlliyi və rəngarəngliyi, xalqınızın qonaqpərvərliyi məni valeh etmişdir. Azərbaycan Qərbə və Şərqə xas olan ən gözəl cəhətləri özündə birləşdirmiş nadir ölkələrdən biridir. Ona əminamanlıq, xoşbəxtlik və davamlı inkişaf arzulayıram”.