Yunis Hüseynov: Hər üç komandamızın Konfrans Liqasında növbəti mərhələyə adlayacağına inanıram
Bakı, 26 iyul, AZƏRTAC
“Konfrans Liqasında çıxış edən üç komandamız da yaxşı mübarizə aparır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparan “Sumqayıt”, “Zirə” və “Sabah” komandalarının çıxışlarını dəyərləndirərkən deyib.
O, “Sumqayıt”ın ötən gün “Fehervar”a (1:2) uduzmasına baxmayaraq, layiqli çıxış etdiyini bildirib: “Kimyaçılar” oyunu yaxşı başlamışdı. Hesabı açan tərəf biz olsaq da, qırmızı vərəqə planları alt-üst etdi. Lakin heç nə bitməyib. Macarıstan təmsilçisi güclü kollektiv deyil ki, onlara qalib gələ bilməyək. Samir Abasovun kollektivinin səfərdə uğurlu nəticə qazana biləcəyinə inanıram”.
Mütəxəssis “Zirə”nin Slovakiya təmsilçisi “Dunayska Ştreda”nı böyük ölçüdə keçdiyini söyləyib: “Doğma meydanda 4:0 hesablı qələbə məsələnin həll olduğunu göstərir. “Zirə”nin bu şansı əldən buraxmayacağını düşünürəm. Onların baş məşqçisi geri dönüş etməyin çətin olduğunu desə də, Rəşad Sadıqov tam başqa fikirdədi. O dedi ki, turun taleyi Slovakiyada məlum olacaq. Əlbəttə, qolumuzu sallayaraq oyuna çıxsaq, cəzalana bilərik. İnanıram ki, “qartallar” səfərdə də müsbət nəticə əldə edəcəklər”.
Y. Hüseynov Macarıstanda baş tutan oyundan əvvəl bəzi insanların “Sabah”ın “Makkabi”ni məğlub edəcəyini inanmadığını söyləyib: “Sabah” bu il çox güclənib. Rəqib də avrokubok təcrübəsi yüksək olan komandadır. İsrail klublarına qarşı tilsim var idi, ancaq bunu dünən qırdıq. Hayfa təmsilçisinin 0:3 hesablı məğlubiyyətinə “Sabah”a yuxarıdan aşağı baxması səbəb oldu. Fikrimcə, “tələbələr” və digər iki komandamız da cavab qarşılaşmasında sərfəli nəticə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edəcəklər”.
Qeyd edək ki, Azərbaycan komandaları cavab oyunlarına bir həftə sonra çıxacaqlar.