Zal nəzarətçiləri üçün onlayn təlimlər davam edir
Bakı, 8 fevral, AZƏRTAC
Paytaxtımızın rayonları, həmçinin respublikamızın digər şəhər və rayonları üzrə zal nəzarətçisi kimi imtahanlara cəlb olunması nəzərdə tutulan müəllimlər üçün yanvarın 21-dən fevralın 8-dək qrafikə uyğun olaraq təlimlər keçirilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan təlimlərə 75 rayon üzrə 4086 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 204 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək təlimlərə dəvət edilib.
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15 nəfərlik qruplarla onlayn formada aparılır. Təlimdə nəzarətçilərə imtahanın gedişi - abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturdulması, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanmasında diqqət yetirilməli olan məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin təlimat qaydalarına uyğun davranışı, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə edilməsi qaydası izah olunur.
Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır. Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələləri haqqında slaydlar nümayiş etdirilir.
Təlimlər əvvəlcədən elan olunmuş qrafikə uyğun olaraq digər rayonlarda davam etdiriləcək.