Zaqatala qoruğunun iş rejimini pozanlar vəzifələrindən azad olundular
Bakı, 7 iyun, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ı çərçivəsində əkilən və ya yabanı halda bitən narkotik xassəli bitkilərin aşkar edilməsi məqsədilə Zaqatala Dövlət Təbiət Qoruğu və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə tədbirlər planına uyğun olaraq iyunun 5-də əməliyyat axtarış tədbirləri keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayının müxtəlif sahələrində hündürlüyü 12 santimetrdən 39 santimetrə qədər olan ümumi sayı 781 ədəd narkotik xassəli çətənə bitkisinin aqrotexniki qaydada əkildiyi aşkar olunub.
Araşdırma zamanı çətənə kollarının Balakən rayonunun Qazbinə kənd sakini, Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Kortala meşəbəyliyinin gözətçisi, orta təhsilli Arif Saxrayev və həmkəndlisi tərəfindən qoruq ərazisində əkdiyi məlum olub.
Faktla bağlı həmin ərazinin mühafizəsinə cavabeh olan Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə yegeri Zahid Dondulov vəzifəsini layiqincə yerinə yetirmədiyinə, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə vəzifəsindən azad edilib. Bundan başqa, Balakən MMBM-in meşə gözətçisi Arif Saxrayev qanunsuz fəaliyyətinə görə işdən çıxarılıb.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində çətənə kollarının əkildiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər aparılır.