ZAQATALADA SEÇKİLƏR YÜKSƏK FƏALLIQ ŞƏRAİTİNDƏ KEÇMİŞDİR
ABŞ-ın Respublikaçılar İnstitutunun və Bolqarıstanın “Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri dairənin 11 seçki məntəqəsində “exit-poll” sorğusu aparmışlar.
Əliabad qəsəbəsindəki 3 nömrəli seçki məntəqəsində səsvermənin gedişini 20 nəfərə yaxın yerli müşahidəçi izləmişdir. Məşvərətçi səs hüquqlu komissiya üzvü Akif Məmmədli, müşahidəçilərdən Şəmsi Şabanova, İradə İbrahimxəlilova, Mehriban İsmayılova, Ramil Süleymanov, Tamara Haqverdiyeva, habelə öz seçimini etmək üçün məntəqəyə gələn kənd müəllimi Liliya Mahmudova və onlarca başqaları seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyini, səsvermənin gedişində ciddi qanun pozuntularına yol verilmədiyini, məntəqədə seçicilərin səs vermələri üçün hər cür şərait yaradıldığını bildirmişlər.
Dairənin Faldarlı kəndindəki 20 nömrəli məntəqəsində səs verən 75 yaşlı kənd sakini, əmək veteranı Səlim Məmmədov, Qımır kəndindəki 34 nömrəli seçki məntəqəsində səsverən kənd məktəbinin direktoru, el ağsaqqalı, 80 yaşlı Məcid Məcidov və bir çox başqaları səsvermənin ədalətli, şəffaf və demokratik şəraitdə keçdiyini, ölkəmizin başçısının siyasətini ürəkdən bəyəndiklərini, ən layiqli namizədə səs verdiklərini bildirmişlər.