QAN YADDAŞI
Zaqatalada soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Zaqatala, 30 mart (AZƏRTAC). Martın 30-da Zaqatala şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə abidənin önünə gül-çiçək düzmüş, 31 mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə “Tariximizin faciəli səhifəsi” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verilmiş, erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən bəhs edilmişdir.
Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində xalqımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı dövrlərdə də davam etdirilmiş, 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar.
Bildirilmişdir ki, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin miqyasını beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində son illər xeyli iş görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən əsl hüquqi-siyasi qiymətdir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilir, Azərbaycanın ədalətli mövqeyi dəstəklənir.
Tədbirin sonunda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.