Zaur Əliyev Şirvanda vətəndaşları qəbul edib
Bakı, 22 dekabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 22-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Şirvan şəhərinin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Zaur Əliyev Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, agentliyin Şirvan filialının rəhbərinin, Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 18 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlər, əlillik məsələləri, iş və əmək münasibətləri, təmir və təchizat məsələləri haqqında olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.