Zəfər paradı böyük Qələbəmizin nidasıdır
Bakı, 10 dekabr, AZƏRTAC
Qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, Müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir: “Burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır. Bu Zəfər paradı Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən tarixi hərbi paraddan sonra postsovet məkanında keçirilən ilk qələbə paradıdır. Daha bir vacib məqam ondan ibarətdir ki, hər iki parad faşizm üzərində Qələbənin paradıdır. Birincisi, alman faşizmi, ikincisi isə erməni faşizmi üzərində Qələbənin paradıdır. Bu parad İkinci Qarabağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin nümayişidir. Bu paradın özünəməxsus xüsusiyyəti, digər paradlardan fərqi var. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün gəldi. Biz bu gün, noyabrın 10-da Azərbaycanın erməni faşizmi üzərində Qələbə paradını qeyd edirik!”.
Deputatın sözlərinə görə, Qələbə paradı Azərbaycanın gücünü bir daha dünyaya göstərdi. 44 günlük müharibədə əldə olunan möhtəşəm Qələbə və Zəfər paradı uzun illər ərzində görülmüş işlərin, keçilən yolun nəticəsidir. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm Qələbə haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü siyasətin, güclü ordu strategiyasının və eyni zamanda, milli birliyimizin nəticəsidir.
Tamam Cəfərova deyib: “Azərbaycan Ordusunun Qələbəsi xalqın inamını özünə qaytardı. Biz BMT-nin, ATƏT-in Minsk qrupunun öhdəsindən gələ bilmədiyi vəzifələri yerinə yetirdik. Azərbaycanlı olmağımızla qürur duyduq. Prezident İlham Əliyevin sərəncamları ilə 27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü kimi tariximizə daxil oldu. Artıq Azərbaycan xalqının Qarabağ dərdi yoxdur, Şuşa kimi qanayan yarası yoxdur. İllərdir yurd yerlərindən didərgin düşən soydaşlarımız ürəklərini sızladan Vətən ağrısına birdəfəlik şəfa tapdılar. Artıq güclü dövlət, bütöv Azərbaycan var. İndi hər bir azərbaycanlının bir müqəddəs amalı var - öz Müzəffər Ali Baş Komandanının səsinə səs verib viran qalmış yurd yerlərimizi gülüstana çevirmək. O gün də uzaqda deyil”.
Deputat vurğulayıb ki, yaşadığımız günlər Azərbaycan tarixinin ən şanlı və qürurverici günləridir. Biz xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq bizə nəsib olub. Azərbaycan xalqı öz Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yanındadır. Xalq-iqtidar birliyi Vətən müharibəsində Qələbəmizi şərtləndirdiyi kimi, Qarabağa həyat və inkişaf da gətirəcək.