Zəlzələ nəticəsində dəymiş ziyanla bağlı Zaqatala sakinlərindən komissiyaya 1066 müraciət daxil olub
Zaqatala, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 5-də baş vermiş zəlzələ nəticəsində fərdi evlərə və tikililərə dəymiş ziyanla bağlı indiyədək Zaqatala rayon fövqəladə hallar komissiyasına vətəndaşlar tərəfindən 1066 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, zəlzələ nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həmçinin rayon fövqəladə hallar komissiyası və aidiyyəti qurumlar tərəfindən zərər çəkmiş ərazilərdə araşdırmalar davam etdirilir. Ötən gün sosial təyinatlı obyektlərə baxış keçirilib. Bu gün isə vətəndaşların müraciətləri əsasında zərər dəymiş fərdi evlərə, yardımçı tikililərə baxılır. Komissiyaya ən çox müraciət zəlzələnin episentrində yerləşən Əliabad qəsəbəsinin, həmçinin Muxax, Gözbarax, Çobankol, Suvagil, Qımır, Bazar kəndlərinin sakinlərindən daxil olub.
“Nazirliyin mütəxəssislərinin iştirakı ilə aparılan araşdırmalar başa çatdıqdan sonra təmir və bərpaya ehtiyacı olan tikililər müəyyənləşdiriləcək”, - deyə komissiya sədri bildirib.