“ZƏNGƏZURDA QALAN İZİMİZ”
Vətən, doğulub boya-başa çatdığı yurdun həsrətinin doğurduğu acı bir göynərti ilə qələmə alınmış elmi-publisistik kitabda müxtəlif əzəli Azərbaycan torpaqlarının bir parçası olan Zəngəzur diyarının faciəsindən bəhs edir.
Zəngəzur qəzasının 1918-20-ci illərə aid olan və başdan-başa Azərbaycan toponimlərindən ibarət xəritəsi ilə açılan kitab xalqımızın ulu öndəri Prezident Heydər Əliyevin bu sözləri ilə başlayır: “Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.
Bu faciəyə məruz qalmış torpaqların bir parçası da qədim Zəngəzurdur. Burada da evlər dağıdılıb, kəndlər yandırılıb, yurdlar boş qalıb, ulu əcdadların, ata-babaların məzarları doğma torpaqda ola-ola qürbətdə, düşmən tapdağı altındadır.
Kitabın birinci fəslində elmi dəlillər əsasında Zəngəzurun geniş tarixi– etnik–coğrafi təsviri verilir.
Sonrakı fəsildə Zəngəzurun coğrafi adlarından bəhs edən müəllif yazır ki, bu adlar qədim mahalın tarixindən, coğrafiyasından, etnoslarından, onların dillərindən, coğrafi adların transformasiyasından xəbər verir, saxtalaşdırmaya məruz qalmış yazılı qaynaqlardakı tarixi həqiqəti tamamlayır. Burada verilən məlumatla hətta ötəri tanışlıq da erməni müəlliflərinin uydurmalarını açıq-aşkar təkzib edir, Zəngəzurun əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir.
Kitabın sonunda xalqımızın düçar olduğu bəlalara siyasi qiymət verilməsi, erməni vəhşilikləri haqqında əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılması işində müstəsna əhəmiyyəti olan sənədlər – ümummilli liderimiz Prezident Heydər Əliyevin 1997-ci il 18 dekabr və 1998-ci il 26 mart tarixli fərmanları verilmişdir.