Zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazaların birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N. Dadaşova müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun Səbail və Nəsimi rayonları ərazisində yerləşən digər zərgərlik mağazalarından da ümumilikdə 2 min manat dəyərində qızıl-zinət və gümüş məmulatlarını oğurladığı müəyyən olunub. Şübhəli şəxsin mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.