“ZƏRİF ÜZVİ SİNTEZ VƏ KATALİZ” MÖVZUSUNDA III BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Tədbirdə Almaniya, Rusiya, Türkiyə, İran, Əlcəzair və digər ölkələrin alim və mütəxəssisləri iştirak etmişlər.
Akademiyanın rektoru, AMEA-nın müxbir üzvü Siyavuş Qarayev çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulamış, ulu öndərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
Akademiyada əldə edilən uğurlardan danışan rektor, son 5 il ərzində burada 6 min 600 bakalavr və 1000-ə qədər magistr hazırlandığını, 6 doktorluq dissertasiyasının müdafiə olunduğunu nəzərə çarpdırmışdır.
13 istiqamət üzrə 78 mövzuda aparılan elmi-tədqiqat işlərinin nəticələri 100 monoqrafiyada, 200-ə qədər dərslik və dərs vəsaitində əksini tapmışdır. Bir sıra elmi-tədqiqat işlərinin nəticələri istehsalata tətbiq edilmişdir. Akademiyada müasir tədris texnologiyalarının tətbiqi və beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə mühüm layihələr həyata keçirilir.
Təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin təhsilimizin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulamışdır. Ölkəmizdə aparılan təhsil islahatlarının uğurlu nəticələrindən bəhs edən M.Mərdanov hazırda ADNA-nın ayrı-ayrı ölkələrin nüfuzlu ali təhsil müəssisələri, o cümlədən ABŞ-ın Corciya Dövlət Universiteti, Çin Neft Universiteti, Almaniyanın Zigen Universiteti ilə əlaqələrinin genişləndiyini də diqqətə çatdırmışdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov üzvi maddələrin sintetik üsullarla alınması sahəsində aparılan elmi tədqiqat işlərinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Bakı Dövlət Universitetində, Dövlət Neft Akademiyasında və AMEA-nın Polimer Materialları İnstitutunda üzvi sintezin inkişafı istiqamətində dəyərli tədqiqatlar aparırlar.