İDMAN
Janez Kocijançiç: 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçiriləcək VİDEO
Bakı, 10 yanvar, Elşad Qəzvini, AZƏRTAC
2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçiriləcək. Festivalda Avropanın 50 ölkəsindən dörd minədək atletin iştirakı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti vəzifələrini icra edən Janez Kocijançiç yanvarın 10-da Azərbaycan Milli Olimpiya Komitəsində təşkil olunan mətbuat konfransında deyib.
J.Kocijançiç bildirib ki, Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına və Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edib. Bu idman tədbirləri gənc nəslin və peşəkarların dəstəyi ilə təşkil edilib. Bu cür yarışların ustalıqla təşkili Azərbaycan idmanının uğurlu gələcəyindən xəbər verir. Azərbaycan “Rio-2016”da da yüksək nəticə əldə edərək 18 medal qazanıb. Bu isə ölkə tarixində ən yüksək nəticədir.
II Avropa Oyunlarının 2019-cu ildə Minskdə keçiriləcəyini vurğulayan EOC rəsmisi Belarusun bu mühüm yarışın təşkili işində Azərbaycanın təcrübəsindən bəhrələnəcəyinə ümidvar olduğunu vurğulayaraq deyib: “Belarusun Azərbaycanın möhtəşəm təşkilatçılığını təkrarlaya biləcəyini deyə bilmərəm. Azərbaycan özünün təşkilatçılıq potensialını yüksək səviyyədə ortada qoydu. Belarusun da bunun öhdəsindən gələcəyinə ümid edirik. Bu yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır”.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, EOC İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə bildirib ki, festivalın Bakıda keçirilməsi ilə bağlı müqavilə yanvarın 26-da EOC İcraiyyə Komitəsinin İsveçrədə keçiriləcək iclası çərçivəsində imzalanacaq. Müqavilənin imzalanmasından sonra Təşkilat Komitəsi yaradılacaq. Bundan sonra idmançıların yerləşdirilməsi və digər məsələlərin həllinə dair müvafiq işlər görüləcək. Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda təşkili ilə bağlı heç bir çətinlik olmayacaq.