MƏDƏNİYYƏT
Rusiyanın Birinci kanalında “Jara-2017”nin qala-konsertinin ikinci hissəsi yayımlanıb VİDEO
Bakı, 19 avqust, AZƏRTAC
İyulun 27-dən 30-dək Bakıda - Xəzərin sahilində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Lakin izləyə bilməyənlər üçün də xoş fürsət yaranıb.
AZƏRTAC xəbər verir ki, festivalın qala-konsertinin ikinci hissəsi Rusiya Televiziyasının Birinci kanalında yayımlanıb.
Dünya şöhrətli müğənnilər Alla Puqaçova, Alessandro Safina, Filip Kirkorov, Sofiya Rotaru, Layma Vaykule, Qriqori Leps, Vladimir Vinokur, Valeri Meladze, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digərlərinin iştirak etdiyi bu möhtəşəm musiqi bayramı artıq tarixə çevrilib.
Möhtəşəm musiqi festivalı xoş məramı, iştirakçı kontingenti, zəngin proqramı, yüksək səviyyədə təşkili ilə fərqlənib. “Jara” bu isti iyul günlərində paytaxtımızın mədəni həyatına özünəməxsus hərarət gətirib: Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika, xoş ovqat... Festival iştirakçılarının dilində bu sözlər tez-tez səslənirdi.
Bir sözlə, son illər Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, sorağı bütün dünyaya yayılan tolerantlıq mühiti ölkəmizə marağı daha da artırıb. Möhtəşəm festivalı izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar da ölkəmizdə turizm üçün yaradılmış şəraitlə yaxından tanış olub, ölkəmizin inkişafını öz gözləri ilə görüblər. Bu da Azərbaycan həqiqətlərinin və ölkəmizin turizm potensialının təbliği baxımından olduqca faydalıdır. Builki festival onu da göstərdi ki, “Jara” təkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən olan musiqi həvəskarlarında da böyük maraq oyadıb.
Xatırladaq ki, festivalın təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.