REGİONLAR
Bayram günlərindədə Qubaya gələn turistlərin sayı 50-60 faiz artıb VİDEO
Quba, 4 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qurban bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı ikiqat artıb. Qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də var.
Quba Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub.
Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Təkcə avqust ayı ərzində Qubaya 17 min 300 nəfər turist gəlib ki, onların da 3 min 150 nəfəri xarici ölkə vətəndaşlarıdır. İlin əvvəlindən başlayaraq rayona gələn turistlərin sayı isə 100 minə yaxındır.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.