Azərbaycan multikulturalizm sahəsində böyük tarixi təcrübəyə malikdir
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərinin bazasında təşkil olunub.
Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, aprelin 7-də Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda ilk bölmə iclası keçirilib.
Konfransda Ural Federal Universitetinin rektoru Viktor Kokşarovun və ADU-nun rektoru Kamal Abdullayevin konfrans iştirakçılarına təbriki səsləndirilib.
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu İlqar İsgəndərov ölkəmizdə multikulturalizmin dövlət siyasətinin prioritetinə çevrildiyini, bu sahədə dövlətimizin böyük tarixi təcrübəyə malik olduğunu vurğulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın multikultural ənənələrinin qorunması, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı və digər sahələrdə həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Konfransın bölmə iclasında Ural Federal Universitetinin xarici regionşünaslıq kafedrasının və Azərbaycanşünaslıq Mərkəzinin müdiri professor Aleksandr Nesterov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə AXC və müasir Azərbaycan dövləti ilə bağlı çıxış ediblər.
ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri Məmməd Əliyevin “Azərbaycanda dini tolerantlıq və multikulturalizm”, linqvokulturologiya kafedrasının müdiri Məsmə Qazıyevanın “Azərbaycanda dil siyasəti və multikulturalizm” mövzusunda məruzələri dinlənilib.
Sonra Rusiya Azərbaycanlı Gənclər Birliyi Yekaterinburq şəhər təşkilatının rəhbəri T.Həsənzadə, Ural Federal Universitetinin xarici regionşünaslıq kafedrasının əməkdaşı D.Jeriborov, universitetin tələbəsi A.Şıxlinskaya və digər çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir multikulturalizm siyasəti və AXC barədə ətraflı məlumat veriblər.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.
Sonda ADU və Ural Federal Universiteti adından tədbirin yüksək səviyyədə keçirilməsində fəal iştirak edən Sverdlovsk vilayətinin qubernatorluğuna və Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğuna təşəkkür elan olunub.