RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycanda idmana, o cümlədən paralimpiyaya yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bildirdi ki, ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır. Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışan dövlətimizin başçısı bildirdi ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstərmişlər.

Prezident İlham Əliyev Endrü Parsonsun Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd etdi və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini dedi.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Azərbaycana üçüncü dəfə səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin idmana, o cümlədən paralimpiyaçılara böyük diqqət və qayğı göstərdiyini qeyd etdi və bu münasibətlə beynəlxalq paralimpiya hərəkatı adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Endrü Parsons Azərbaycanda paralimpiyanın inkişafının bir nümunə olduğunu vurğuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin