ELM VƏ TƏHSİL
IAEA 2019 konfransı çərçivəsində dövlət qulluğuna dair panel keçirilir VİDEO









Bakı, 26 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən panel keçirilir. Panelə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov moderatorluq edir.
Əvvəlcə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və Astana Dövlət Qulluğu üzrə Regional Xabın rəhbər komitəsinin sərdi Alixan Baymenov paneldə aparılacaq müzakirələrin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar.
Paneldə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna, Qırğızıstan, Nigeriyadan olan mütəxəssislərin dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsinə dair məruzələri dinlənilib, fikir mübadiləsi aparır, bu sahədə mövcud modellər müzakirə edilir.
Dinlənilən məruzələr sırasında “Qazaxıstanda səriştəyə əsaslanan müsahibə və qiymətləndirmə mərkəzləri dövlət qulluğu və kvazi dövlət sektoru üçün işə qəbul metodları kimi”, “Qazaxıstanda dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi dövlət sektorunda institusional islahat vasitəsi kimi”, “Dövlət qulluğunda qeyri-rəsmi təhsil modelləri üçün RoI qiymətləndirmə modeli” və digər mövzular ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, paneldə Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Günay Muxtarova “Dövlət qulluğunda qiymətləndirmə: mövcud vəziyyət və səriştəyə əsaslanan qiymətləndirmə modelinə keçid” mövzusunda çıxış edərək, ölkəmizin müvafiq sahədə təcrübəsini bölüşüb.
Xatırladaq ki, “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.