MƏDƏNİYYƏT
UNESCO-nun sessiyasında Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bəyanatı səsləndirilib VİDEO
Paris, 8 iyun, AZƏRTAC
Parisdə UNESCO İcra Şurasının növbədənkənar sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bəyanatı səsləndirilib. Bəyanatı Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov təqdim edib.
AZƏRTAC xəbər verir ki, 209-cu sessiyada təqdim edilmiş bəyanatda təkcə insanların səhhətinə deyil, eyni zamanda, sosial həyatın ən vacib sahələrinə də təsir göstərmiş COVID-19 pandemiyası ilə bağlı Qoşulmama Hərəkatına üzv dövlətlərin narahatlığı ifadə olunub.
Səfir bildirilib ki, bərabərsizlik, irqçilik, ayrı-seçkilik və stereotiplərin artan meyillərinə, həmçinin BMT nizamnaməsini pozaraq Qoşulmama Hərəkatına üzv ölkələrə göstərilən birtərəfli məcburiyyət tədbirlərinə qarşı mübarizə aparmaq məqsədilə bəşəriyyətimiz üçün çətin olan bu günlərdə birliyə, həmrəyliyə və çoxtərəfli əməkdaşlığa əsaslanmış qlobal reaksiyanın yenilənməsi həmişə olduğundan daha çox zəruridir.
UNESCO yanında dami nümayəndəmiz vurğulayıb ki, koronavirus, eləcə də onun mənfi təsirlərinin öhdəsindən gəlmək üçün ölkələrə yardım etmək məqsədilə bütün resursları səfərbər etmək və adekvat tədbirlər həyata keçirmək istiqamətində səyləri daha da möhkəmləndirmək üçün Azərbaycanın təşəbbüsü ilə cari ilin mayın 4-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü, eləcə də mayın 20-də Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Səhiyyə nazirlərinin videokonfrans formatında görüşü təşkil edilib.
Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı üzləşilən pandemiya ilə bağlı UNESCO-nun dərhal reaksiya verməsini, xüsusilə də dünyada pandemiyaya görə fəaliyyətləri pozulan təhsil və mədəniyyət müəssisələrinin işinin bərpası və gələcək pandemiya dövrü üçün həll yolları tapmaq istiqamətindəki reaksiyasını alqışlayır.
Qoşulmama Hərəkatı bu təşəbbüslərin UNESCO-nun idarəetmə orqanlarının qaydaları və prosedurlarından kənara çıxmadan üzv dövlətlərlə sıx məsləhətləşmələrdə aparılmasının vacibliyini düşünür.
A.Kərimov Azərbaycanın Afrika, Latın Amerikası və Asiya ölkələrinə COVID-19 pandemiyasına qarşı mübarizədə göstərdiyi humanitar yardımdan söz açıb. Səfir bəşəriyyətin bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizədə UNESCO-nun səylərini alqışlayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris