SİYASƏT
Azərbaycan səfiri İspaniyanın televiziya kanalına Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı müsahibə verib VİDEO
Madrid, 17 iyul, AZƏRTAC
İspaniyada və Latın Amerikası ölkələrində geniş izləyici kütləsinə malik olan “Tu Voz en Pinares” televiziya kanalı Ermənistanın ölkəmizə qarşı sonuncu hərbi təxribatı ilə bağlı Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə götürüb.
AZƏRTAC xəbər verir ki, müsahibə zamanı televiziya kanalı səfir A.Məhərrəmova Ermənistanın təxribatyönümlü addımlarına, bu cür hüquqazidd əməllərinə Azərbaycanın münasibəti, beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.
Səfir əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edərək, bu gün Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı törədib.
Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz zamanı Azərbaycanın mülki əhalisinin yaşadığı kəndlər məqsədyönlü şəkildə hədəfə alınıb, 76 yaşlı azərbaycanlı mülki sakin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib, yaşayış obyektlərinə ağır artilleriyadan atəş açılaraq, onlara güclü xəsarət yetirilib. Ermənistanın bu təxribatı beynəlxalq humanitar hüququn prinsip və normalarının, o cümlədən müvafiq Cenevrə Konvensiyalarının müddəalarının kobud şəkildə pozulması deməkdir.
Qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət həyata keçirməklə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozmaqda davam edir.
Xüsusi olaraq vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884) Ermənistan tərəfindən hələ də icra edilməyib.
Bildirilib ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır. Bu kimi cinayət əməllərini törətməklə Ermənistan tərəfi ictimaiyyətin diqqətini ölkə daxilindəki ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq məqsədi güdür.
Səfir A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdıraraq, bu baxımdan İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib.
Sonda “Tu Voz en Pinares” televiziya kanalı səfir Anar Məhərrəmova Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı ilə bağlı dolğun, ətraflı və həqiqətləri əks etdirən məlumatların adıçəkilən televiziya kanalı vasitəsilə ispandilli izləyicilərə çatdırdığına görə minnətdarlığını bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid