Xaçmazda payızlıq əkinləri bəyan edən 100 fermerə "Fermer kartı" verilib VİDEO
Xaçmaz, 7 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 7-də aqrar səyyar xidmət Xaçmaz rayonunun Müşkür kəndində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş 100 fermerə "Fermer kartı" verilib.
Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Fermerlərin diqqətinə çatdırılıb ki, bu ildən etibarən aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. Subsidiyanın miqdarı əkilmiş məhsulun növündən asılı olaraq dəyişir. Bu səbəbdən əkinlərin bəyan edilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqində mühüm mərhələdir.
Bu il Xaçmaz rayonunda 23 min hektar sahədə taxıl əkilməsi nəzərdə tutulub.
Qarşıdakı günlərdə Xaçmazın digər yaşayış məntəqələrində də fermerlərə səyyar xidmət göstəriləcək. Səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən fermerlərə əvvəlcədən məlumat verilir.