SİYASƏT
Prezidentin köməkçisi: Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Son proseslər göstərirdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan status-kvonu qoruyub saxlamaq siyasətini yürüdürdü. Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi danışıqlar prosesinə zərbə idi. Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar. Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. Ermənistan o hərbi sistemi, infrastrukturu 30 il ərzində formalaşdırmışdı. Ermənistanın hücumlarına yenə də cavablar verilir.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu əməliyyatla status-kvonu dəyişdirdi. Artıq Azərbaycan bir çox torpaqlarını geri qaytarıb. Təmas xətti yoxdur. Beynəlxalq çağırışlara uyğun olaraq atəşkəs rejimi bərpa olunub. Ancaq Ermənistan bu vəziyyətdən də sui-istifadə edərək Azərbaycana qarşı təxribatlarını davam etdirir.