REGİONLAR


Biləsuvarda məskunlaşan köçkünlər: Xalqımız bu şanlı tarixi yazanları heç vaxt unutmayacaq VİDEO

Biləsuvar, 27 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Cəbhədən sevindirici xəbərlərin gəlməsi Vətən həsrəti ilə yaşayan hər bir vətəndaşımızda böyük inam və qürur hissi yaradır. Biləsuvarda yerləşən Cəbrayıl qəsəbələrində yığcam məskunlaşan cəbrayıllı soydaşlarımızla bərabər, 27 ildir yurd həsrəti çəkən Qubadlı, Zəngilan sakinləri də doğma torpaqlarının düşmən tapdağından azad olunması xəbərini sevinc göz yaşları ilə qarşılayıblar.

AZƏRTAC xəbər verir ki, 1993-cü ilin avqust ayı qubadlıların və zəngilanlıların yaddaşına kədərli ay kimi yazılıb. Məhz həmin günlərdə düşmən təxribatı və işğalı nəticəsində Qubadlı və Zəngilandan olan minlərlə ailə öz dədə-baba yurdlarından qovularaq, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmaq məcburiyyətində qalıblar. Ötən illər ərzində sakinlərin doğma el-obalarının əsrarəngiz təbiəti, dağları, sıldırım qayaları, keçilməz meşələri, gur çayları bir an belə gözlərinin önündən getməyib.

Sentyabrın 27-dən cəbhədə işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Rəşadətli Ordumuz əks-hücum əməliyyatlarına başladı. İllərdir Müzəffər Ali Baş Komandanın əmrini gözləyən Şanlı Ordumuz düşmənə ağır zərbələr endirərək işğalda qalan torpaqlarımızı addım-addım azad edir. Qısa zamanda Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin işğal tarixi silinərək əbədi azadlıqlarına qovuşdu.

Qubadlı rayon Həmzəli kənd sakini Nəsibə Əliyeva sevinc hisslərini bizimlə bölüşərək deyib: “Müzəffər Ali Baş Komandanımız bu dəfə bizləri - Qubadlı sakinlərini sevindirdi. Mənim sevincimin həddi-hüdudu yoxdur. Gördüyünüz o samovarı Qubadlıdan gətirmişəm. Dağın başında bir evimiz vardı, qayınanam mənə hədiyyə etmişdi ki, orada yandırarsız. İndi arzumdur ki, həmin samovarı kəndimizə aparım, orada qalayım, ailəmi başıma yığım”.

Zəngilan rayon Xurama kənd sakini Murad Abdullayev də bu günlərdə sevincindən yerə-göyə sığmır. Çünki azad olunan yaşayış məntəqələrimiz arasında Xurama kəndi də var. “Televizorda Zəngilan rayonunun Xurama kəndinin adını eşidəndə gözlərimizin yaşını saxlaya bilmədik. Fərəhləndik, ordumuzla qürur duyduq. Allah ordumuzu qorusun, Prezidentimizə möhkəm cansağlığı versin. Onların gücü və qətiyyəti sayəsində biz bu nailiyyəti əldə etmişik. Əgər icazə versələr, elə günü bu gün gedərəm döyüşməyə. İnanırıq ki, Allahın köməkliyi ilə yaxın vaxtlarda kəndimizə qayıdacağıq”.

Bu sevincli günlərdən Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini Adilə İsaqovaya da pay düşüb. Deyir ki, Böyük Mərcanlı adına baxmayaraq, elə də böyük kənd deyil. Amma gözəl təbiəti, uca çinarları, soyuq bulaqları var. “Rayonumuzda istirahət mərkəzinin ən səfalısı Böyük Mərcanlıda idi. Qatar gəlib keçirdi, öz kəndimizdə stansiya var idi. Allah dövlətimizi daha da qüdrətli eləsin. İşğalda qalan kəndlər də azad olunsun. Ulu Tanrı cəsur əsgərlərimizə qüvvət versin, tezliklə işğal altında olan digər torpaqlarımız da azad edilsin”, - deyə o bildirib.

Qubadlı rayon Dondarlı kənd sakini Zaur Qasımov isə doğma yurdlarının düşməndən təmizləndiyi xəbərini eşidəndə yaşadığı sevinc hissini sözlə ifadə etməyin mümkün olmadığını deyib: “Çox qəribə hissdir. Sözlə ifadə edə bilmirəm. İllərdir bu günü gözləyirdik. Arzulayırdıq ki, görəsən nə vaxt qayıdarıq torpaqlarımıza. Uşağım burada böyüyüb, o səfalı yerlərimizi görməyib. Həmişə deyirdim ki, inşallah qayıdacağıq. Kəndimizə qayıdacağımız üçün çox sevinirəm. Bizim arzumuzu Müzəffər Ali Baş Komandanımız həyata keçirdi, Rəşadətli Ordumuz gerçəkləşdirdi. Bu xalq bu şanlı tarixi yazanları heç vaxt unutmayacaq”.

Köçkünlük statusu ləğv olunan bu sakinlərin, burada dünyaya göz açan uşaqların hər birinin ürəyi Vətən həsrəti ilə döyünür. Vətənpərvər ruhda böyüyən bu gənclər indi üçrəngli bayrağımıza sarılaraq hər an Vətənin müdafiəsinə hazırdırlar.

Onlardan biri də Qubadlı rayon Həmzəli kənd sakini Elçin Quliyevdir. “Prezident İlham Əliyevin komandanlığı altında hər an döyüşməyə hazırıq. Könüllü şəkildə adımızı səfərbərliyə yazdırmışıq. Buradan əsgərlərimizə səslənirəm ki, onlar tək deyil, hər an onların yanındayıq. Sizinlə fəxr edirik! Yaşasın, Rəşadətli Azərbaycan Ordusu! Yaşasın, Müzəffər Ali Baş Komandan!”.

Bəli, cəngavər oğullarımız tezliklə işğalçı düşməni təslim olmağa məcbur edib, onları Qarabağımızın bütün ərazilərindən qovacaq. Prezidentimizin də qeyd etdiyi kimi, “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.