İQTİSADİYYAT
Pirallahı rayonunda daha 2 küçə təmir edilib VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Paytaxtın Pirallahı rayonu ərazisində 2 küçədə aparılan təmir işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, rayonun Süleyman Bağırov və Gənclik küçələrində aparılan təmir işləri artıq bitib. S.Bağırov küçəsinin uzunluğu 2,9 kilometr, Gənclik küçəsinin uzunluğu isə 1,1 kilometr təşkil edir. Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib. Təmir işlərinin aparıldığı ərazinin sahəsi 24 min kvadratmetr təşkil edir.
Xatırladaq ki, agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Pirallahı rayonunun Gürgən qəsəbəsinin uzunluğu 2 kilometr olan daxili yolunda təmir işləri aparılıb.