İQTİSADİYYAT


Şuşada yeni yarımstansiya tikilir VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq, işlər sürətlə davam etdirilir.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən “Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 kilometr məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 kilometr məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

Yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.