Xəzər rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Rasim Ağayev Türkan qəsəbəsi ərazisində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı ümumi çəkisi 5 kiloqram 490 qram olan 66 çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bu ilin yanvarında əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib. Rasim Ağayev çətənə kollarını həm şəxsi istifadəsi, həm də satmaq məqsədilə əkdiyini deyib.
Faktla bağlı saxlanılan şəxs barəsində Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində zəruri istintaq tədbirləri davam etdirilir.