Şəmkirdə yol polisi reyd keçirib VİDEO





Bakı, 20 aprel, AZƏRTAC
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən reyd zamanı bir neçə sakinin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də aşkar olunub. Görülən qanuna müvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyənləşdirilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib. Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında, eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib. Davam etdirilən tədbirlər nəticəsində mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zərərli qaz ixrac edən avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara bilməyiblər.
Şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə olunması barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbirlər görülüb. Ay ərzində keçirilən reydlər zamanı, ümumilikdə, 200-ə yaxın inzibati protokol tərtib edilib.