REGİONLAR
Tankçı şəhid Elmir Nəsirovun doğum günündə xatirəsi anılıb VİDEO
Füzuli, 14 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi qəhrəmanlarından olan Elmir Nəsirovun cənnətdəki ilk doğum günüdür. Yaşasaydı, 30 yaşı tamam olacaqdı və iki övladı, ailəsi ilə birlikdə doğum gününü qeyd edəcəkdi. İndi Elmirin qəhrəmanlıq dolu xatirəsi və ən uca məqam olan şəhidlik zirvəsi ailəsi üçün təsəlli yeri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Elmir Nəsirovun doğum günündə doğmaları və yaxınları onun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar. Şəhid qəhrəmanımızın qısa, şərəfli ömür yoluna nəzər salınıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan Elmir Zülfü oğlu Nəsirov 13 iyul 1991-ci ildə Füzuli rayonun Əhmədbəyli kəndində dünyaya göz açıb. 1998-ci ildə Füzuli rayonunda orta məktəbə daxil olan Elmir hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilir. 2009-cu ildə tam orta məktəbi bitirdikdə sonra Elmir vətənə borcunu yerinə yetirmək üçün xidmətə yollanır. Hərb sirlərinə peşəkarcasına yiyələnən Elmir həqiqi hərbi xidməti bitirdikdən sonra bir müddət mülki işdə çalışsa da, vətənə olan sevgisi Elmiri hərbçi olmağa çəkir. O, öz istəyi ilə 2014-cü ildə müddətdən artıq xidmətçi olaraq hərbçi olur. Əlahiddə tank taborunda operator tuşlayıcı vəzifəsində xidmətə başlayan Elmir peşəkar tankçı olur. 2016-cı il Aprel döyüşlərində iştirak edən Elmir ermənilərin xeyli canlı qüvvəsini və texnikasını məhv edir. Bu döyüşlərdə düşmən tərəfindən heyəti olduğu tank vurulsa da, sağ qalır. Ötən ilin sentyabrın 27-də düşmən təxribat törədən zaman əks hücuma keçən ordu sıralarında ilk yer alanlardan biri də Elmir olur. O, dəmir zirehli tankı ilə düşmənə ağır zərbələr endirir. Açdığı dəqiq atəşlə düşmənin bir neçə texnikasını sıradan çıxarır, canlı qüvvəsini məhv edir. Füzuli rayonun Seyidəhmədli və Qorqan kəndləri uğrunda gedən ağır döyüşlər zamanı Elmir və döyüşçü yoldaşları şücaəti ilə seçilir. Lakin düşmən tərəfindən hədəf seçilən Elmirin tankı vurulur və o, şəhidlik zirvəsinə ucalır.
Qeyd edək ki, Elmir Nəsirov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif olunub. Elmir ailəli idi. Aydan və Nur adlı iki qız övladı yadigar qalıb.