REGİONLAR
Şəki və Yevlaxda 19 kilometrlik 4 kəndin yolu yenidən qurulub VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Dövlət başçısının tapşırığına uyğun olaraq, yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı verdiyi tapşırığa əsasən, Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində 10 kənd yolu layihəsinin icrasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq həmin kənd yollarının bir-çoxunda yenidənqurma işləri tamamlanıb. Bu, Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kəndlərinin, Yevlax rayonunda isə Qaraoğlan və Quşçu kəndlərinin yollarıdır.
Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonunun Dərəcənnət və Təpəcənnət, Yevlax rayonunun Qaraoğlan və Quşçu, Ucar rayonunun Alpı və Qulabənd, Zərbad rayonunun Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonunun Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb. Layihəyə əsasən, qeyd edilən kənd yollarının ümumi uzunluğu 61,7 kilometrdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3,5 metr olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1,5 metr olmaqla 3 metrə bərabərdir.
Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, ərazilərə yolboyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bununla yanaşı, uzunluğu 5,2 kilometr olan Təpəcənnət yolunda 14 ədəd, 6,2 kilometr olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suötürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Layihəyə uyğun olaraq, Yevlax rayonunda da iki kənd yolunun yenidən qurulması icra olunaraq yekunlaşdırılıb. Bu, 4,4 kilometr uzunluğa malik Qaraoğlan və 3,2 kilometrlik Quşçu kənd yollarıdır. Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası
məqsədilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilib. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri icra olunub, hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Ucar rayonunun Alpı və Qulabənd, Zərbad rayonunun Yarməmmədbağı, Körpükənd və Əlvənd, Ağcabədi rayonunun Şənlik kənd yollarının yenidən qurulması isə son mərhələ üzrə davam etdirilərək yekunlaşdırılır. Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yollar adı qeyd edilən 10 kəndin 12 mindən çox əhalisi ilə yanaşı, bu yollardan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək.
Tikintiyə texniki nəzarət işlərini İtaliyanın “İRD Engineering” şirkəti yerinə yetirir. Ümumilikdə isə tikinti işləri tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.