Ayşən Abduləzimova: Avropa çempionatına hazırlığımız davam edir VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
Avropa çempionatına hazırlığımız davam edir. Macarıstan və Yunanıstandan sonra təlim-məşq toplanışını Bosniya və Herseqovinada davam etdiririk.
Bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Daha əvvəl təşkil olunan hazırlıq prosesində bir neçə yoxlama oyununda güclərini sınadıqlarını deyən voleybolçu bildirib: “Bosniya və Herseqovinada iki sınaq görüşü keçirəcəyik. Komandamız hazırlığı tam heyətlə davam etdirir. Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaqdır”.
Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək təşkil olunacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə - Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.