ORDU
Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılış mərasimində iştirak edib VİDEO




Bakı, 24 avqust, AZƏRTAC
Moskvada səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və onlara uğurlar arzulayıb.
“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərlərimizi əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.
Xatırladaq ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edirlər.