REGİONLAR
Şəhriyar Mirişli Vətən müharibəsinin ən gənc şəhidlərindəndir VİDEO
Biləsuvar, 27 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Vətən müharibəsində şəhidliyə yüksələn Şəhriyar Mirişli 18 illik qısa, lakin mənalı ömür sürdü. Mirişovlar ailəsinin sonbeşiyi, dörd qardaşın sonuncusu idi.
Şəhidin atası Bəxtiyar Mirişov AZƏRTAC-a bildirib ki, Şəhriyar tərbiyəli, ağıllı, gülərüz oğul idi. Elə buna görə də hamı onu çox istəyirdi. 2020-ci ilin aprelində əsgəri xidmətə yola düşəndə onun gözlərindəki qığılcımı, üzündəki təbəssümü valideynləri indi də unutmayıb. “Dörd oğlum var. Vətən müharibəsi başlayanda övladlarımdan ikisi - Ağacəfər və Şəhriyar döyüşlərə qatıldılar. Onlardan biri - Ağacəfər müharibədən qayıtdı, Şəhriyar isə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O, mənə müharibəyə getməmişdən əvvəl demişdi ki, “ata, mənimlə fəxr edəcəksiniz, ailəmizin, ata-anamın başına tac qoyacağam”. Bu tac sən demə, şəhadətə ucalmağın tacı imiş. O, şəhadəti ilə arzusuna çatdı. Mən də fəxr edirəm ki, qəhrəman oğul atasıyam”.
Şəhidin anası Mətanət Mirişova isə Şəhriyarın həyata keçməyən arzusundan danışıb. “Mənə demişdi ki, müharibədən qayıdandan sonra sevdiyi qızı ona alım. Dedim, oğlum sağ-salamat get, gələndən sonra evləndirərəm səni. Arzuları ürəyində qaldı... Məqamı böyük oldu oğlumun. Şəhidlik zirvəsinə ucaldı. Vətən sağ olsun!”, - deyə o əlavə edib.
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində əməliyyatlarda iştirak edən Şəhriyar oktyabrın 21-dən 22-nə keçən gecə şəhid olduğu döyüşdə düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını sıradan çıxararaq, yağılara sarsıdıcı zərbələr vurub. İndi bu igidliklərinə görə bütün qohumları Şəhriyarla qürur duyur.
Nəvələri ilə fəxr edən şəhidin babası Ağacəfər Mirişov deyib: “O, ən böyük zirvəyə çatıb, şəhidlik zirvəsinə. Allah şəhid ailələrinə səbir versin. Torpaq qanla alınmışdı, qanla da geri qaytarılmalı idi. 30 il gözlədiyimiz gün gəlib çatdı. İndi fəxr edirik ki, torpağımız bizdədir”.
Şəhidin dayısı Ağakərim Əzimov isə bildirib ki, torpaqlarımızın işğalda olması ağır dərd idi. Artıq o dərdimiz yox olub. “Bir ildir torpaqlarımız azaddır. “Dəmir yumruq” öz sözünü dedi. Allah Ali Baş Komandanımızın canını sağ eləsin. Bacım oğlu nə qədər ki, əsgər getməmişdi bizim idi, amma şəhid olandan sonra bütün Azərbaycanın oldu. İndi nəinki ailəmiz, bütün qohumlar, biləsuvarlılar, bütün Azərbaycan Şəhriyarla fəxr edir”, - deyə A.Əzimov vurğulayıb.
Biləsuvar şəhər qəbiristanlığında dəfn olunan Şəhriyar Mirişli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, eləcə də Cəbrayılın, Füzulinin, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub.