Kürdəmirdə qida təhlükəsizliyi ilə bağlı reyd keçirilib VİDEO
Kürdəmir, 28 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsi tərəfindən Bakı-Qazax magistral yolunun Kürdəmirdən keçən hissəsindəki yolkənarı iaşə obyeklərinə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baxış zamanı mətbəxlərin sanitar-gigiyenik vəziyyəti, qidaların hazırlanması və saxlanma normaları təhlil edilib. Nəticədə bir sıra hallarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması aşkar edilib. Belə ki, əksər yeməkxanalarda çiy və bişmiş qidaların eyni yerdə saxlanması, mətxəblərdə isti və soyuq su şəraitinin yoxluğu, tullantı qablarının ağzı açıq olması müşahidə edilən hallardan olub. Ət və süd məhsullarının hansı təsərrüfata aid olması və həmin təsərrüfatın sağlamlığı haqqında arayışlar yoxlamaya təqdim edilməyib.
Ümumliyyətlə, yol kənarlarında fəaliyyət göstərən 5 yeməkxanaya baxış keçirilib, onlardan 3-də sanitar-gigiyena qaydalarının kobud şəkildə pozulduğu, habelə burada çalışan işçilərin tibbi müayinəyə cəlb edilmədiyi müəyyən olunub. Aşkar edilən nöqsanlarla əlaqədar qanunvericiliyin tələbləri daxilində tədbir görülüb.