CƏMİYYƏT
Şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanılıb VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
İnstaqram sosial şəbəkəsində Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin adından saxta səhifə açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin səhifənin Bərdə rayon sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Amal Şirinzadə olan şəxs tərəfindən yaradıldığı müəyyən olunub. Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs İnstaqramda “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. Amal Şirinzadə yardım məqsədilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun oraya köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. Amal Şirinzadənin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkarlanaraq götürülüb.
Faktın tam, hərtərəfli təhqiqi istiqamətində araşdırmalar davam etdirilir.