Cəbrayıla bayraq sancan şəhid Əli Quliyevin xatirəsinə bulaq inşa olunub VİDEO
İmişli, 29 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Quliyev Əli Tədbir oğlunun xatirəsinə İmişli rayonunun Otuziki kəndində inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin şəhid Əli Quliyevin döyüşlərdəki şücaətindən, şərəfli ömür yolundan da söz açılıb. Bildirilib ki, Əli həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Onun həm istedadı, həm də fiziki qabiliyyəti bir çox kurslardan uğurla keçməsinə imkan verib. Snayperçi olan Əli digər silahlardan da mükəmməl istifadə etməyi bacarıb. Hələ Aprel döyüşləri zamanı ermənilərin qorxulu yuxusuna çevrilən qəhrəmanımız ötən il düşmən təxribatına qarşı başlanan əks-hücum əməliyyatında da öndə gedənlər sırasında olub.
Şəhid atası Tədbir Quliyev bildirir ki, Əlinin böyük arzusu torpaqlarımızın azad edilməsi idi. “Əli xidməti dövründə hər zaman fərqlənirdi. Aprel döyüşlərində də qəhrəmanlıq nümayiş etdirdi. Vətən müharibəsində onların ilk uğurlu tapşırığı Murovdağ istiqamətində oldu. Daha sonra Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şücaəti ilə seçildi. Cəbrayılın azad olunması zamanı bayrağımızı dalğalandıran qəhrəman da Əli Quliyev olub. Döyüşlər zamanı iki dəfə yaralansa da, döyüşlərə davam edib. Oktyabrın 27-də gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı”, - deyə şəhid atası qeyd edib.
Şəhidin anası Almaz Quliyevanın sözlərinə görə, ömrünün 18 ilini Vətənə həsr edən Əli Quliyev hələ azyaşlı vaxtlarından hərbçi olmaq istəyirdi: “Əlinin Vətən sevdası tükənməz idi. O, döyüşlər zamanı yaralanmasına baxmayaraq, geri çəkilməyib, son damla qanına qədər torpaqlarımızın azadlığı uğrunda vuruşaraq şəhadətə yüksəlib”.
Qeyd edək ki, gizir Əli Quliyev ailəli idi, iki oğlan övladı yadigar qalıb. O, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.