İdman sahəsində “İlin qalibləri-2021” layihəsinin mükafatçıları müəyyənləşib VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsinin mükafatçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə açıqlanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “İlin idman xadimi” seçilib. “Qarabağ” klubunun hücumçusu Abdullah Zubir “İlin əcnəbi futbolçusu”, “Neftçi”nin heyətində çıxış edən Emin Mahmudov “İlin futbolçusu” nominasiyalarında fərqləniblər. Titullu karateçimiz İrina Zaretska “İlin idmançısı” olub.
“Qarabağ” klubu “İlin komandası”, Qurban Qurbanov isə “İlin baş məşqçisi” seçilib. “İlin idman yarışı” nominasiyasında “Avro-2020”nin Bakıda keçirilmiş dörd oyunu respondentlərin daha çoxunun səsini toplayıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, “Qarabağ” klubunun prezidenti Tahir Gözəl, “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Rəşad Məcid, “Report” informasiya agentliyinin baş redaktoru Murad Əliyev, Milli Məclisin deputatları Nigar Arpadarai, Müşfiq Cəfərov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, cari ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib və qalibləri təbrik ediblər.