Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycanın qaz ehtiyatlarından danışarkən bildirib.
“Bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri - “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu, bizim bugünkü potensialımızdır”, - deyə Dövlətimizin başçısı diqqətə çatdırıb.
Prezident deyib ki, Azərbaycanın 4 ölkə, 4 qonşu ilə birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olması, əsas ixrac marşrutu - Cənub Qaz Dəhlizinin tamamlanması gələcək planların həyata keçirilməsinə imkan yaradacaq: “Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”.