2010-2011-ci il təvəllüdlü badmintonçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 19 aprel, AZƏRTAC
1 nömrəli peşə idman liseyində 2010-2011-ci il təvəllüdlü badmintonçular arasında 5 kateqoriya üzrə Azərbaycan birinciliyi keçirilib. Səksən idmançının yarışdığı ölkə çempionatında Bakı ilə yanaşı, Gəncə, Qusar və Siyəzəni təmsil edən badmintonçular iştirak edib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi yarışlarda Ayxan Kərimzadə və Leyla Camalzadə birinci olublar. Oğlanların qoşa yarışlarında A.Kərimzadə, Anar Hüseynov, qızlarda isə Nəzrin Mehrəlizadə və L.Camalzadə qızıl medal qazanıblar. Qarışıq qoşa yarışlarda isə A.Kərimzadə və L.Camalzadə birinci yerə layiq görülüblər.
Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.