2024-cü ilin sonunadək Stokholmun mərkəzində yeni ekoloji zona yaradılacaq
Stokholm, 11 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
2024-cü ilin sonunadək Stokholmun mərkəzində yeni ekoloji zona yaradılacaq, bu əraziyə sırf benzin və dizel mühərriki ilə işləyən avtomobillərin girişi qadağan ediləcək.
AZƏRTAC xəbər verir ki, ciddi təsnifat elektrik avtomobillərin və aşağı tullantı səviyyəli benzinlə işləyən avtomobillərin girişinə icazə verir. Yeni ekoloji zona 20 məhəllədən ibarətdir və təxminən 180 min kvadratmetrlik sahəni əhatə edir. 2025-ci ilin birinci yarısında bu zona genişləndiriləcək.
Səhiyyə, təhlükəsizlik və ictimai xidmətlərin nəqliyyat vasitələri qadağadan azad ediləcək.
Siyasətçi Dennis Vedin ekoloji zonanın tətbiq edilməsi ilə bağlı mənfi fikir bildirib. O qeyd edib ki, yalnız varlı insanların bu əraziyə çıxışı olacaq və elektrik avtomobilini almaq imkanı olmayanlar kənarda qalacaq.
Yeni qaydaların tətbiqi kiçik biznes sahiblərini təşvişə salıb, çünki bu, tədarükü çətinləşdirəcək. Lakin hökumətin yeni qərarını müsbət qarşılayanlar da var, onlar ətraf mühitin təmizliyinin mühüm olduğuna istinad edirlər.
İlk öncə Köhnə şəhərdə də oxşar zonanın yaradılması planlaşdırılmışdı, bu da kəskin tənqidə səbəb oldu. Nəticədə, Köhnə şəhəri nəqliyyat vasitələrinin və park yerlərinin minimal sayda olması şərti ilə “şəhər mühiti” adlandırılan zonaya çevirmək qərara alınıb.